Təhsilalanlar üçün böyük motivasiya | |
Ötən həftənin ən yaddaqalan hadisələrindən biri Prezident İlham Əliyevin doktorantlara, ali təhsil, orta ixtisas və peşə təhsili müəssisələrində, həmçinin Azərbaycan Milli Elmlər Akademiyasının magistratura səviyyəsində təhsil alan tələbələrə təqaüdlərin verilməsi, ali təhsil müəssisələrində təqaüd sisteminin təkmilləşdirilməsi ilə bağlı əlavə tədbirlər barədə imzaladığı sərəncamlar oldu. Həmin sənədlərə və dövlət başçısının “Azərbaycan Respublikasının ali məktəb tələbələri üçün Prezident təqaüdünün təsis edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2001-ci il 3 sentyabr tarixli 564 nömrəli Fərmanında dəyişiklik edilməsi barədə” Fərmanına əsasən, ali məktəb tələbələrinə verilən təqaüdlərin və Prezident təqaüdünün məbləğinin artırılması təhsil ictimaiyyəti tərəfindən rəğbətlə qarşılandı. Ümumilikdə 600-ə yaxın doktorantın və 110 mindən artıq tələbənin təqaüdlərinin orta hesabla 20 faiz artdığını nəzərə alsaq, bu artımın gənclərin yüksək təhsil almasında növbəti stimul olduğunu əminliklə deyə bilərik.
Elə həmsöhbətimiz olan istər təhsil ekspertləri, istərsə də təhsil işçiləri və tələbələr cari ilin martın 1-dən tətbiq ediləcək bu yeniliklərin əhəmiyyətindən söz açıblar.
Təqaüdlərin əsaslı şəkildə artırılması tələbələrin motivasiyasını gücləndirəcək
Bu sərəncam, demək olar ki, bütün tələbə spektrini əhatə edir və təhsilin fasiləsizliyinin daha möhkəm zəmin üzərində qurulmasına şərait yaradacaq. Bu və bundan öncə ölkə başçısının ali məktəblərin magistratura pilləsinə daxil olan tələbələrə hərbi çağırışdan möhlət hüququ verilməsi barədə qərarı insan kapitalının inkişafına töhfə kimi dəyərləndirilməlidir. Tələbə təqaüdlərinin əsaslı şəkildə artırılması ali məktəblərdə tələbələr arasında daha yüksək nəticələr göstərmək istiqamətində motivasiyanı gücləndirəcək. Biz ali təhsil müəssisələrinin nəzdində fəaliyyət göstərən İctimai Nəzarət Şuralarının işində iştirakımız zamanı daha yüksək təqaüd almaq uğrunda tələbələrin çalışqanlığının intensivləşməsi hallarına tez-tez rast gəlirik. Bu, bizləri çox sevindirir. Eyni zamanda, müəllimlərin də üzərinə daha keyfiyyətli dərs keçmək məsuliyyətini qoyur. Bilirik ki, obyektiv və subyektiv səbəblərdən əksər ali məktəblərin yataqxanaları yoxdur və tələbələrin böyük qismi kirayədə yaşayır. Bu addım, düşünürəm ki, onların yaşayış xərcləri üçün də yardımçı olacaq.
Elmlər doktoru hazırlığı üzrə təqaüdün 300 manat müəyyənləşdirilməsi o deməkdir ki, onların təqaüdü AMEA-nın elmi işçiləri səviyyəsinə çatdırılıb. Bu, onların elmi tədqiqatlara daha dərindən maraq göstərməsinə səbəb olacaq. Son dövrlər gənclərin elmə marağının güclənməsini görürük. Əlbəttə ki, bu marağın artmasının maddi tərəfi olduqca əhəmiyyətlidir.
Ölkədə təhsil sahəsində aparılan islahatlar təhsilin pillələrinin inteqrasiyasını da nəzərdə tutur. Orta ixtisas təhsili məktəblərinin ali təhsil müəssisələrinin nəzdində fəaliyyəti həm də təhsilin bu pilləsində oxuyan tələbələrin maddi şəraitinin yaxşılaşdırılmasını tələb edirdi. Orta ixtisas təhsili pilləsində təhsil alan tələbələrin təqaüdlərinin artırılması təhsilin bu pilləsinə olan diqqətin təcəssümüdür və şübhəsiz ki, bu pillədə də canlanmanın şahidi olacağıq.
Bütövlükdə təqaüdlərin əsaslı şəkildə artırılması təhsillə elmin vəhdətinə də təsirsiz ötüşməyəcək. Yüksək nəticə göstərən ali məktəb tələbələrinin elmə marağı artacaq, şəffaflıq və ədalət prisipləri güclənəcək, keyfiyyətli təhsilə olan tələbat artacaq.
Artım tələbələrdə təhsilə marağı daha da stimullaşdıracaq
Sərəncamlar və fərman ali təhsilə marağı stimullaşdırmağa, əhalinin bütün təbəqələri üçün ali təhsilin əlçatan olmasını təmin etməyə, dövlət hesabına və ödənişli əsaslarla təhsil alanlar arasında sağlam rəqabət mühitinin yaradılmasına, elmə daha perspektivli gənclərin gəlməsinə xidmət edir. Tələbələrin təhsil almasının stimullaşdırılması istiqamətində illərdir ki, ardıcıl dövlət siyasəti həyata keçirilir. 110 min tələbənin təqaüdlərinin artırılmasını nəzərdə tutan bu sərəncam kompleks xarakter daşıyır və üç əsas konseptual məsələni əhatə edir.
Birincisi, bakalavriatura və magistratura səviyyələrində təhsil alan tələbələrin və doktorantların (fəlsəfə doktoru və elmlər doktoru) təqaüdlərinin məbləğinin artırılmasını nəzərdə tutur. Ali təhsil pilləsinin hər üç səviyyəsində artım diferensiallaşdırılmış şəkildə həyata keçiriləcək, yəni təhsilalanların akademik göstəriciləri nəzərə alınacaq. Bu da təbii ki, obyektivliyi, şəffaflığı təmin etməklə yanaşı, təhsilalanları stimullaşdıracaq, onlarda daha yaxşı oxumağa, öyrənməyə, akademik göstəricilərə nail olmağa motivasiya yaradacaq. Tələbə və doktorantların təqaüdlərinin artırılması üçün təhsil nailiyyətlərinin əsas amil kimi götürülməsi sadəcə maddi təminatın ödənilməsinə deyil, həm də yüksəkixtisaslı kadr hazırlığının həyata keçirilməsinə hesablanıb. Bu kimi məqsədyönlü tədbirlər universitetlərimizi fərqlənmə diplomu ilə bitirən gəncləri və xarici ölkələrin nüfuzlu ali məktəblərindən məzun olanların doktoranturaya gəlməsini, elmi fəaliyyətlə məşğul olmasını təmin etməklə yanaşı, həm də daha keyfiyyətli tədqiqatların aparılmasına və dünya çapında millətimizi layiqincə təmsil edən yeni elmi nəslin formalaşmasına təkan verəcək.
İkincisi, ali təhsil müəssisələrində müvəffəqiyyət göstəriciləri əsasında dövlət hesabına maliyyələşən təqaüd yerlərinin sayının artırılması nəzərdə tutulur. Dövlət sifarişli yerlərin azlığı bəzi halda nisbətən yüksək nəticə göstərən tələbələrin arzularının reallaşmasına imkan vermirdi, təqaüd ala bilmirdilər. Birdən-birə təqaüd alan tələbələrin sayının 16 min nəfər artırılması, 54 təhsil müəssisəsində dövlət sifarişi əsasında təhsil alan tələbələrin sayının 54 min nəfərdən 70 min nəfərə çatmasını təmin edəcək.
Üçüncüsü, dövlət sifarişli ixtisasların sayının artırılması nəzərdə tutulur. Azərbaycan təhsili üçün mühüm yenilik olan bu tendensiyanın davam etdirilməsi ölkədə ali təhsil almanın hamı üçün əlçatan olmasına hesablanıb. Rəsmi məlumatlara görə, 2018-ci ildə ali təhsil müəssisələri üçün 43 min plan yerinin yalnız 12 mini dövlət sifarişli ixtisaslar olub. Cənab Prezidentin imzaladığı sərəncama uyğun olaraq bu rəqəm 21 minə, 2020-ci ildə 25 minə çatdırılacaq. Mərhələli şəkildə həyata keçiriləcək bu siyasət ölkədə ali təhsilin ödənişsiz olmasını təmin edəcək.
Təqaüdlərin artırılması ilə tələbələrin daha da həvəsləndirilməsinin və nəticə olaraq təhsil prosesində yüksək nailiyyətlərə can atılmasını görməyimizlə bərabər, onların sosial müdafiəsinin gücləndirilməsinin də şahidi olacağıq.
Cəmiyyətin hər bir üzvü cənab Prezidentin bütün sosialyönlü sahələrlə bağlı verdiyi qərarları kimi, imzalanan bu sənədi də yüksək qiymətləndirdi.
Qeyd edək ki, imzalanmış sərəncamlar mahiyyət etibari ilə özündə insan kapitalının inkişafına yönəlik tədbirləri nəzərdə tutmaqla tələbələrdə motivasiyanın, sağlam rəqabətin artmasına, akademik göstəricilərin yüksəlməsinə, təhsilin keyfiyyətinin artmasına və dolayısı ilə əmək bazarının daha peşəkar mütəxəssislərlə təmin olunmasına çox ciddi təsir edəcək addımlardır. Həyata keçiriləcək tədbirlər tələbələrin sosial müdafiəsini gücləndirəcək ki, bu da son nəticədə onların maddi durumlarının yaxşılaşdırılmasına, dərslərə daha yaxşı hazırlaşmalarına, tədris üçün lazımlı vasitələrlə daha yaxşı təmin olunmalarına, istədikləri kitabları əldə edə bilmələrinə yardımçı olacaq. Çünki tələbələr maddi cəhətdən yaxşı təmin olunduqca daha çox oxumağa meyilli olacaqlar.
Dövlət başçısı tərəfindən həyata keçirilən bu tədbirlərdən sonra tələbələrin özü və ali təhsil müəssisələri arasında rəqabət ciddi şəkildə artacaq və tələbələr akademik göstəricilərini artırmaq, təqaüdçülər sırasına düşmək, daha yüksək təqaüdlər almaq üçün ciddi yarışa girəcəklər. Təbii ki, bu halda təhsilin səviyyəsi və keyfiyyəti artmış olacaq. Tələbələrin təhsil almaq, növbəti təhsil pillələrində təhsillərini davam etdirmək istiqamətində ciddi stimul yaranacaq. Eyni zamanda elmi-tədqiqatlarla məşğul olmaq istəyən gənclərin sayı artacaq. Məhz belə stimullaşdırıcı tədbirlər onların magistratura və doktoranturada elmi tədqiqatlarını davam etdirməyə ciddi maddi təminat kimi çıxış edəcək.
Prezident İlham Əliyevin bakalavr, magistrant və doktorantların maddi durumunun yaxşılaşdırılması, onların təqaüdlərinin artırılması ilə bağlı sərəncamı xüsusi əhəmiyyət kəsb edir və təhsilimizin qarşısında yeni üfüqlər açır, gəncləri elmlə, təhsillə daha böyük həvəslə məşğul olmağa ruhlandırır. Bundan sonra maddi durumu dövlət tərəfindən lazımi səviyyədə təmin edilən istedadlı gənclərin elmlə, təhsillə məşğul olmağa daha çox həvəsləri olacaq.
Bizim universitetimizdə də tələbələrə, magistrant və doktorantlara olan yüksək səviyyəli dövlət qayğısının yeni təzahürü böyük razılıq hissi ilə qarşılanıb. Biz əminik ki, dövlət səviyyəsində yüksək qayğı və diqqət gənclərin məsuliyyətini, onların yaradıcılıq əzmini xeyli dərəcədə artıracaq.
Ölkə başçısının bu tarixi sərəncamları Azərbaycan elminin, təhsilinin inkişafına yeni istiqamət və yüksəkixtisaslı kadr hazırlığına öz qiymətli töhfələrini verəcək.
Dövlət başçısının tələbə və doktorantların təqaüdlərinin artırılması ilə bağlı verdiyi fərman və sərəncamları neft kapitalının insan kapitalına çevrilməsi yolunda böyük addımlarla irəliləməkdə olduğumuzun əyani sübutudur. Yeni artımla tələbələrin alacaqları təqaüd onların gündəlik xərclərini ödəməklə bərabər, həm də daha mükəmməl təhsil almaları üçün böyük bir motivasiyadır. Əlbəttə ki, daha yaxsı oxumağa can atan tələbə birmənalı olaraq daha yaxsı bir gənclik, layiqli bir vətəndaş olaraq yetişəcək, təhsil aldığı ixtisası üzrə gözəl bir mütəxəssis kimi formalaşacaq. Bu isə gəncliyimizə və gələcəyimizə edilmiş ən gözəl töhfələrdəndir.
Mən Azərbaycan Memarlıq və İnşaat Universitetinin bakalavr və magistr pillələrini fərqlənmə ilə bitirib artıq doktorant kimi öz təhsilimi davam etdirirəm. Cənab Prezidentin təhsilə, gənc doktorantlara, tələbələrə göstərdiyi qayğı və dəstək zəmin yaradır ki, biz doktorantlar bu pilləni də uğurla başa vuraraq və vətənə layiqli bir elmi işçi kimi yetişək.
Ən çox onlar sevinir
Belə ki, ölkə başçısı İlham Əliyevin tələbələrə göstərdiyi xüsusi diqqət və qayğısı nəticəsində tələbə təqaüdlərinin məbləği bir neçə sərəncamla, əvvəlki illərlə müqayisədə ən yüksək həddə çatıb. Təkcə bakalavriat səviyyəsi üzrə əlaçı təqaüdünün dəyəri üzərindən müqayisə aparsaq görərik ki, əvvəlki ilə yeni təqaüd arasında 35 manat fərq var. Ardıcıl olaraq verilən məqsədyönlü sərəncamlar və onların verdiyi yüksək nəticələr, tələbə məmnunluğunun səviyyəsinin artımı Prezident İlham Əliyevin gənclərə və gəncliyə olan həssas niyyətindən xəbər verir. Ölkəmizdə gənclər sektoru üzrə aparılan uğurlu siyasət, artıq bütün gənclərdə, sözün əsl mənasında, gələcəyə nikbin baxışın vacibliyini aşılayıb. Maddi durumu çətin olan hər hansı tələbə təhsil aldığı dövrdə qarşılaşdığı çətin situasiyalarda dövlətin ona olan xüsusi qayğısını hiss edir.
Təhsilimi bakalavr pilləsi ilə məhdudlaşdırmağı düşünmürəm. Gələcəkdə magistratura və doktorantura səviyyələrində təhsil almaq qarşıma qoyduğum əsas hədəflərdəndir. Bilirəm ki, təhsilin həmin pillələrində oxuyan gənclərin də təqaüdləri artıb. Həmin vəsaitlə sosial xərclərimi ödəməyə, elmi işlərimi öz hesabıma yerinə yetirə biləcəyimə artıq əminəm.
Samirə KƏRİMOVA
|
|
![]() |
22.02.2019 | 09:41 |
|
|
|